“Dəli”yə yel ver, əlinə bel... | TƏHLİL

   “Dəli”yə yel ver, əlinə bel...    | TƏHLİL
  24 Noyabr 2023    Oxunub:2882
Ötən bazar günü Argentinada keçirilən prezident seçkilərinin ikinci turunda müxalifətin “Azadlıq gəlir” koalisiyasının namizədi Havyer Mayli qalib gəldi. Sonradan siyasətçiyə çevrilən məşhur televiziya şərhçisi səslərin 55,69 faizini toplayıb. 1983-cü ildə hərbi diktatura dövrü bitəndən sonra Argentina prezidenti vəzifəsinə iddialı olan heç bir namizəd bu qədər çox – yəni 14,4 milyon səs toplaya bilməmişdi.
“Dəli” ləqəbli 53 yaşlı ifrat sağçı libertarian, özünü “anarxist kapitalist” elan edən Havyer Mayli inflyasiyaya son qoyacağını, ölkəni ABŞ və İsraillə əməkdaşlığa yönəldəcəyini, Argentinanın ənənəvi ticarət tərəfdaşları olan Çin, Braziliya və Rusiya ilə əlaqələrini minimuma endirəcəyini vəd edib.

“Bu gün Argentina üçün tarixi gecədir. Bu gün Argentinanın tənəzzülünə son qoyulur. Bu gün argentinalıların yoxsullaşmasına səbəb olan mövcud dövlət modelinin sonudur”,- - Havyer Mayli Buenos-Ayresin “Libertador” otelindəki seçki qərargahının qarşısına toplaşan tərəfdarlarına deyib.


Tərəfdarları onu Argentinanı ağır və uzun sürən iqtisadi böhrandan çıxarmağa qadir sehrbaz hesab edirlər. Opponentləri isə yeni prezidentin seçki kampaniyası zamanı səsləndirdiyi hər şeyi həyata keçirəcəyi təqdirdə ölkənin gələcəyini dumanlı görürlər.

Son illərdə argentinalıların vəziyyəti həqiqətən yaxşı deyil. İIin əvvəlində 100%-i keçən inflyasiyaya oktyabra doğru 140%-ə yüksəlib. Hazırda 12,5 milyon insan yoxsulluq şəraitində yaşayır. Bu, ötən ilkindən bir milyon çoxdur.

Bu “faciəli reallığı” kökündən dəyişdirmək üçün özünü “anarxist kapitalist” adlandıran Havyer Mayli bir sıra radikal islahatlar aparacağını vəd edib. Dövlət xərclərini 15% azaltmaq üçün Mədəniyyət və Təhsil nazirliklərini bağlamaq həmin vədlərin heç də ən maraqlısı deyil. Mərkəzi Bankı ləğv edərək, iqtisadiyyatı hər gün ucuzlaşan peso əvəzinə ABŞ dollarına keçirmək daha qəribə görünür.

İfrat sağçı prezidentin “radikal islahat” ideyaları bununla bitmir. O, orqan satışını leqallaşdırmağa, ölkədə cəmi bir neçə il əvvəl qanuniləşdirilmiş abortları yenidən qadağan etməyə, odlu silah satışına nəzarəti yumşaltmağa, səhiyyə sektorunu özəlləşdirməyə hazırlaşırdı. Ancaq birinci turdan sonra mərkəzçi seçiciləri qorxutmamaq üçün silah və səhiyyə planlarından imtina etdi.


Argentinanın özünə “dəli” ləqəbi götürən yeni rəhbəri xarici siyasətdə də eyni çılğınlıqla davranır. O, qatı şəkildə ABŞ və İsrail yönümlü siyasət yürüdəcəyini vəd edib. Argentinanın İsraildəki səfirliyini Təl-Əvivdən Yerusəlimə köçürməyi planlaşdırır. Üstəlik, ölkəsinin hazırkı əsas ticarət tərəfdaşları olan Braziliya və Çindən uzaqlaşmağa söz verib. Onun fikrincə, qonşu Braziliyanın rəhbəri Lula da Silva “korrupsioner kommunist”dir, Çin isə “qatil sosialist”.

Mayli seçki kampaniyası zamanı Argentinanı Cənubi Amerikanın Ümumi Bazarından - Braziliya, Paraqvay və Uruqvayın daxil olduğu MERCOSUR-dan çıxaracağını bildirib. Çünki bu blokla Avropa İttifaqı arasında gözlənilən ticarət sazişinə qəti şəkildə qarşıdır.

Argentina prezidenti Rusiya ilə işləmək niyyətində olmadığını da birbaşa və açıq bəyan edib. Əvvəlki prezident Alberto Fernandesin zamanında Argentina BRİKS-ə qoşulmaq üçün müraciət etmişdi. Rusiya, Çin, Braziliya və Hindistanın birləşdiyi bu təşkilat ABŞ ilə Avropa Birliyinə alternativ qlobal güc mərkəzi olmaq planlarını açıq bəyan edir. 2024-cü il yanvarın 1-dən Argentina da digər ölkələrlə bərabər bu təşkilata qoşulmalı idi. Lakin yeni prezident bundan da imtina edib.


Braziliya prezidenti əvvəlcə həmkarının ekstravaqant davranışlarına təmkinli yanaşır və argentina xalqının seçiminə hörmətlə yanaşaqlarını deyirdi. Lakin xalqın seçimi lap ağını çıxarandan sonra da Silva qonşu ölkə ilə əlaqələrini donduracaqlarını bəyan etdi.

Seçkilərdə Maylinin rəqibi Serxio Massanı dəstəkləyən Kolumbiyanın solçu prezidenti Qustavo Petro baş verənlərin “Latın Amerikası üçün kədərli” olduğunu bildirib.

ABŞ-ın keçmiş və istisna deyil ki, həm də gələcək prezidenti Donald Tramp isə Argentianın libertarian prezidenti ilə fəxr etdiyini bəyan edib. Düşünür ki, Mayli Argentinanı yenidən möhtəşəm - yəni “great again” edəcək.


Yerli politoloqların əksəriyyəti düşünür ki, Mayli dediklərinin çoxunu sadəcə, edə bilməyəcək. Məsələn, pesonu qısa müddətdə ABŞ dolları ilə əvəz etmək qətiyyən mümkün deyil, çünki ölkənin beynəlxalq kreditlərə praktik olaraq çıxışı yoxdur.

Bundan başqa, yeni prezidentin 2021-ci ildə yaradılmış “Azadlıq gəlir” koalisiyası Senatdakı 72 yerdən yalnız 8-nə, parlamentin 257 yerlik aşağı palatasında isə cəmi 38 mandata malikdir. Argentinanın 23 əyalətinin heç birində qubernatoru yoxdur.

Lakin bunlar “dəli” prezidentin ölkəni vəd etdiyi kimi dəyişdirmək səylərindən əl çəkəcəyinə zəmanət vermir və bununla bağlı qorxuları azaltmır. Bəzi ekspertlərin fikrincə, o, xəttini aqressiv şəkildə aparsa, ölkənin aqibəti kifayət qədər qaranlıq ola bilər. Kütləvi iğtişaşları, ümummilli tətilləri və digər təlatümləri istisna etmək olmaz.

Tariyel Həsənov
AzVision.az


Teqlər: Argentina  





Xəbər lenti